Azərbaycan, Rusiya, Ermənistanın iştirakı ilə  birgə işçi qrup yaradılmalıdır – Millət vəkili

17:42 09.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Kəlbəcərdə baş verən olaylardan sonra Ermənistana səfər edib.

İddia olunur ki, bu ərazilərə rus hərbçiləri yerləşdiriləcək. Sərhədlər müəyyənləşdirilmədən rus hərbçilərinin sərhəddə yerləşdirilməsi nə dərəcədə Azərbaycanın maraqlarına cavab verir və biz hansı addımları atmalıyıq.

Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a açıqlamasında bildirib ki, artıq sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan, Rusiya, Ermənistanın iştirakı ilə  birgə işçi qrup yaradılmalıdır. Onun sözlərinə görə, istənilən təşkilatın nümayəndəsi Azərbaycanın icazəsi olmadan gəlib Azərbaycan ərazisində heç bir iş görə bilməz. Deputat bu mənada hesab edir ki, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və hansısa digər qurumlar heç bir formada Azərbaycana təsir göstərə bilməzlər.

“Həmin qurumlar da bunu çox gözəl bilirlər. Xatırlatmaq istəyirəm ki, bu təşkilatın üzvləri Azərbaycana dost olan ölkələrdir. Və onlar Azərbaycanın maraqlarına zidd qərarların icrasında iştirak etməyəcəklər”.

A.Mollazadə KTMT-nın sədrinin Ermənistana səfərini növbəti şou, növbəti hay-haray salmaq üçün edilən gedişlər hesab edib.

“Ermənilər və onların havadarları reallıqla hesablaşmaq istəmirlər və öz üzvlərini daha da dərinliyə sürükləmək istəyirlər. Mənə elə gəlir ki, Ermənistan  isterik çağırışlarla özünü ağır vəziyətə salır. Ermənistan üçün yeganə çıxış yolu öz ərazi iddialarına son qoyaraq  Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolu seçməkdir”.